Azərbaycan Çin ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) səmərəli istifadə məqsədilə gələcək əməkdaşlıq imkanlarını təhlil edib.
Pekində Azərbaycan Ticarət Evi açılacaq - NAZİR ÇİNƏ GETDİ
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye arasında keçirilən görüşdə qeyd olunub.
Bununla yanaşı, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmasında fəal mövqeyi də müzakirə edilib.
Görüşdə Azərbaycan və Çin arasında investisiya əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün reallaşdırıla biləcək potensial layihələrə dair fikir mübadiləsi aparılıb.
İki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.
Qeyd edilib ki, dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksək səviyyəli əlaqələr iqtisadi tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar yaradır.
Görüşdə dayanıqlı inkişafın təmin olunması sahəsində Azərbaycanda görülən işlər barədə məlumat verilib, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir.
"Bütün bunlar beynəlxalq tərəfdaşlarla, o cümlədən Çinlə əməkdaşlığın intensivləşdirilməsi üçün münbit şərait yaradır", - məlumatda deyilir.
Tərəflər arasında, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Çində rəsmi səfərdədir.