2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ümumi ixracı 11,4 mlrd. dollar, qeyri-neft sektoru üzrə isə 1,4 mlrd. dollar təşkil edib.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 mln. ABŞ dolları və ya 30,5% artıb.
2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon ABŞ dolları) ikinci, qızıl (116,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-iyul ayları ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. (Trend)