Azərbaycanın kənd təsərrüfatı sahəsində son 3 ildə ciddi dönüş baş verib. Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin VIII iclasında çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib: "Ötən il iqtisadiyyatın bu sektorunda 2,6% artım qeydə alınıb".
"Ölkədə kənd təsərrüfatının hər bir seqmentinin inkişaf etdirilməsi nəzərdə tutulub. Ötən il ölkədə salınan fındıq sahələri 113 hektar təşkil edib. Pambıq sahələrindən toplanan məhsulun həcmi 3 dəfə artırılıb", - deyə İ.Quliyev əlavə edib.
Azərbaycanda ənənəvi ipəkçiliyin yenidən dirçəldilməsinin əsas inkişaf hədəflərindən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, ötən il 71 ton barama istehsal olunub və bu il baramanın istehsal həcminin 2-3 qat artırılması nəzərdə tutulub.
İ.Quliyevin sözlərinə görə, bununla yanaşı, heyvandarlıq sahəsinin inkişafı üçün tədbirlər planı nəzərdə tutulub : "Ölkədə Cənubi Qafqazda ilk Süni Mayalanma Mərkəzi tikilib və onun yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Bu isə öz növbəsində Azərbaycanda heyvandarlığın inkişafına təkan verəcək. Məlumdur ki, Azərbaycan müəyyən cins heyvanları xaricdən almalı olur, bu isə maliyyə vəsaitlərinin xaricə axını deməkdir. Mərkəzin açılması isə valyutanın ölkədə qalmasına imkan verəcək".
Qeyd edək ki, fevralın 23-də Azərbaycan və Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin VIII iclasının protokolunun imzalanması nəzərdə tutulub.