Gələn il Londonda Azərbaycan-Böyük Britaniya İnvestiya Forumunun keçirilməsi planlaşdırılır.
İngiltərədə azərbaycanlı iş adamlarının 1-ci forumu keçirilib - FOTO
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ nazir Mikayıl Cabbarovun Böyük Britaniyanın ixrac üzrə naziri Lord Malkolm Offordla görüşündə müzakirə olunub. Azərbaycan rəsmisi ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. O, bildirib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.
Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.
Lord Malkolm Offord ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafına önəm verdiyini, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.
Görüşdə növbəti il Londonda planlaşdırılan İnvestiya Forumunun təşkili, enerji, dekarbonizasiya sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixrac, investisiya, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub.