İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Şahin Mustafayev xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, sənaye zonalarında və parklarında rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib.
Görüşdə tütün və tütün məmulatları, çay, şərab və digər malların ticarətinə maraq ifadə olunub, birgə çay və siqaret istehsalı müəssisələrinin, ticarət evlərinin yaradılması məsələləri müzakirə edilib.
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini, bu sahədə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan-Belarus iqtisadi əlaqələri müzakirə edilib
12:52
17 Noy 2016