2018-ci ildə 30 min 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun 14,2 manat, vərəmumun 118,4 manat, güləmin 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib.
Keçən il 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib.
Təsadüfi deyil ki, əvvəlki illə müqayisədə 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb.