Türkiyənin İstanbul şəhərində Arıçılıq Assosiasiyalarının Beynəlxalq Federasiyasının (APİMONDİA) 47-ci Konqresi keçirilib. Tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 22 nəfərdən ibarət üzvi təmsil edib.
Eləcə də bax: Azərbaycanda bal - NİYƏ BAHALAŞIB?
Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb. Konqresdə arıçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb, arıçılıq məhsullarının sərgisi keçirilib, istehsal olunan arı məhsullarının müsabiqəsi təşkil olunub.
FED.az xəbər verir ki, sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdiriblər. Ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda, arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim olunub.
APİMONDİA-nın strategiyasına uyğun olaraq konqresdə iştirak edən ölkələr öz məhsullarını müsabiqəyə çıxararaq yarışda iştirak ediblər. Azərbaycan istehsalı olan arıçılıq məhsulları da müsabiqəyə təqdim olunub. Müsabiqədə ballar 7 ölkədən seçilmiş 42 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib. Balların təbiiliyi, keyfiyyəti, nəmliyi, mənşəyi, tərkibində antibiotiklər və digər qalıqların olub-olmaması yoxlanılıb, görünüşü, dadı, qoxusu, ətri qiymətləndirilib.
VII Azərbaycan Arıçılıq Konfransdakı bal müsabiqəsində 1-ci və 2-ci yer olmaqla, 5 medal qazanan “Qinyətoğulları” şirkəti bu dəfə dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. (Azərtac)