2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdə qərarlaşıb - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.
Sənədə əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9% artıb.
5 ay ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Türkiyəyə 390,2 milyon ABŞ dolları, Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin may ayı üzrə ixrac 3,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% olmaqla 222,4 milyon ABŞ dolları qeydə alınıb. 2022-ci ilin may ayında yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları olub. 2022-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (71,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (56,5 milyon ABŞ dolları) ikinci və Hindistan (17 milyon ABŞ dolları) üçüncü olub. 2022-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub. (Trend)