"Hava nəqliyyatı" paraqrafı üzrə hava nəqliyyatında sərnişindaşıma tariflərinin dövlət tənzimlənməsindən yaranan zərərin kompensasiyası üçün "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) 2016-cı ildə nəzərdə tutulan 10 mln. 10 min manat təyinat (subsidiya) 10 mln. 10 min manat və ya 100% icra edilib ki, bu da 2014-cü ilin icrası ilə eyni səviyyədə olub, 2015-ci ilin icrasından isə 932,9 min manat və ya 10,3% çoxdur.
FED.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Mülki hava nəqliyyatında sərnişin dövriyyəsi 2016-cı ildə 2014-cü ilə nisbətən 530,3 mln. sərnişin/km və ya 17,6% artaraq 3 mlrd. 548,8 mln. sərnişin/km və hava yolu ilə daşınan sərnişinlərin ümumi sayı 2016-cı ildə 2014-cü ilə nisbətən 187 min nəfər və ya 10,4% artaraq 1 mln. 977,4 min nəfər təşkil edib. Bununla belə, hava nəqliyyatı ilə sərnişindaşımanın ümumi sərnişin daşımalarda xüsusi çəkisi isə 2014-2016-cı illərdə dəyişməyərək hər il üzrə 0,1% səviyyəsində olub.
2016-cı ildə AZAL-a ayrılan subsidiyanın məbləği 2015-ci ilə nisbətən 932,9 min manat və ya 10,3% artsa da mülki hava nəqliyyatında sərnişin dövriyyəsi 2015-ci ilə nisbətən 187,3 mln. sərnişin/km və ya 5,6% və hava yolu ilə daşınan sərnişinlərin sayı 2015-ci ilə nisbətən 155,4 min nəfər və ya 8,5% artıb.
AZAL-a ayrılan subsidiyanın məbləğinin artması ötən il dövlət büdcəsinin vəsaiti hesabına güzəştlə uçan Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin, I və II qrup əlillərin, uşaqların və tələbələrin sayının artması ilə əlaqədar olub. Belə ki, ötən il büdcədən ayrılan subsidiya hesabına güzəştlə uçan Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin sayı 2015-ci ilə nisbətən 45 074 nəfər artaraq 418 861 nəfər (2015-ci ildə 373 787 nəfər), Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştlə uçan I və II qrup əlillərin sayı 2 950 nəfər artaraq 18 230 nəfər (2015-ci ildə 15 280 nəfər), Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştlə uçan uşaqların sayı 1 745 nəfər artaraq 48 502 nəfər (2015-ci ildə 46 757 nəfər), Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştlə uçan tələbələrin sayı 1 579 nəfər artaraq 6 373 nəfər (2015-ci ildə 4 794 nəfər) təşkil edib. "Hava nəqliyyatı" paraqrafı üzrə hava nəqliyyatında tariflərin dövlət tənzimlənməsindən yaranan zərərin kompensasiyası üçün keçən il büdcədən ayrılan 10 mln. 10 min manat subsidiya, əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsinin vəsaiti hesabına güzəştlə uçan həmin şəxslərə görə AZAL-a ödənilib.
Bununla bərabər, keçən il büdcə vəsaiti hesabına güzəştlə MDB ölkələrinə uçan Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının sayı 397 nəfər azalaraq 17 nəfərə (2015-ci ildə 414 nəfər) enib, bu səbəbdən gediş güzəştlərinin büdcə vəsaiti hesabına kompensasiya az ödənilib, 2016-cı ildə Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına bərabər tutulan şəxslər tərəfindən MDB ölkələrinə uçuşlar olmayıb (2015-ci ildə 36 nəfər) və bununla əlaqədar gediş güzəştlərinin büdcə vəsaiti hesabına kompensasiya ödənilməyib.