Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
DGK-nin Mətbuat Xidmətindən Fed.az-a verilən məlumata görə, A. Əliyev diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
DGK sədri iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A. Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük mühitində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Bir müddət bundan öncə İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Tehran şəhərinə səfərini, İran Gömrük İdarəsinin prezidenti Masoud Karbasian ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini bildirib. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan A. Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən qurum rəhbəri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar iranlı iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər. Artıq bu istiqamətdə müəyyən addımların atıldığını sevindirici hal kimi dəyərləndirən DGK sədri iranlı iş adamlarının bu fəaliyyətinin davamlı olacağına ümidvar olduğunu bildirib.
C. Cahangirzadə ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən səfir bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını söyləyib.
Görüşdə, həmçinin Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.