Azərbaycanla Ermənistan arasında yaşanan qarşıdurmadan sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alındı. Bu dəhlizdən keçən quru və dəmir yollarının “Lapis-Lazuli” dəhlizinə birləşdirilməsi planlaşdırılır.
"Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhliziinə dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair 7-ci regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.
“"Lapis-Lazuli" dəhlizi daha çox türk və İslam dünyasını əhatə edən bir regionda ticarət dinamikasını yüksəldəcək. Bu ölkələr öncə Zəngəzur, daha sonra Lapis dəhlizindən istifadə etməklə öz məhsullarını Avropya ixrac edə biləcəklər, eyni zamanda Avropadan rahat idxal imkanları yaranacaq.
Zəngəzur dəhlizi bizim üçün strateji əhəmiyyətə malikdir.Bu dəhliz iqtisadi əməkdaşlıq təşkilatına üzv olan bütün ölkələrə fayda verməklə yanaşı, valyuta gəlirlərinin artmasına imkan verəcək. İnşa ediləcək zəngəzur dəhlizi həm də Bakı- Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstandan başlayaraq İstanbula qədər uzanacaq nəqliyyat dəhlizinə qoşulma planlarını da ehtiva edir. Bu regionda əsrin layihəsi kimi qiymətləndirilən kəmər və yol təşəbbüsünün bir hissəsinə çevriləcək. Bununla da Azərbaycan üçün Hindistan və Çin bazarlarına yeni çıxış imkanları açılmış olacaq”.
Bu fikirləri bizimyol.info-ya iqtisadçı, millət vəkili Vüqar Bayramlı səsləndirib.
Türkiye Enerji Stratejileri ve Politikaları Arastırma Merkezinin (TESPAM) rəhbri Oğuzxan Akyener saytımıza verdiyi açıqlamada bildirdi ki, hər iki dəhliz əslində region ölkələrini bir-birindən yaxşı mənada asılı vəziyyətə salmaqla dayanıqlı sülhə xidmət edəcək.
“Həm Türkiyədə, həm Azərbaycanın Xəzər sahillərində logistika mərkəzlərinin imkanları artacaq. Uzaq perspektivdə Çin və Hindistan bazarlarına yol açılır və biz bu yolda boğaz, koridor rolunu oynayacağıq. "Lapis-Lazuli" xətti Azərbaycanla yanaşı, Əfqanıstan üçün də xüsusi əhəmiyyətə malikdir. Bu dəhliz Əfqanıstanın iqtisadiyyatına mühüm töhfə verəcək və dünya bazarlarına çıxışını təmin edəcək. Bu nəqliyyat marşrutu daha da inkişaf edərək bütün iştirakçı ölkələrin iqtisadi inkişafında rol oynayacaq. Həmçinin bu marşrutun Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcəyi şübhəsizdir.
Gələcəkdə yüklərin daha da artmasına ümid edilir. "Lapis-Lazuli" dəhliziinə başqa ölkələrin də marağı artır. Belə ki, Hindistanın bu dəhlizə qoşulmağı ilə bağlı da marağı ifadə edilmişdi. 2017-ci ildə Aşqabadda həmin müqavilə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan, Əfqanıstan arasında sıx əməkdaşlığın təmin edilməsi məqsədilə imzalanıb. Əfqanıstan hökuməti qitələrarası layihə olan "Lapis-Lazuli" layihəsini yekun mərhələyə gətirmək üçün yaxından əməkdaşlıq edib. Əfqanıstanın "Lapis-Lazuli" marşrutundan mənfəəti böyük olacaq. Eyni zamanda, Azərbaycanla Əfqanıstan arasında sıx əməkdaşlıq müşahidə edəcəyik. Bununla yanaşı, təsiredici əhəmiyyətə malik olan "Lapis-Lazuli" nəqliyyat layihəsi Azərbaycanla Əfqanıstan arasında iqtisadi əlaqələri gücləndirəcək. Həmçinin Gürcüstanın da Türkmənistan və Əfqanıstan bazarlarına məhsullarının ixracını genişləndirmək şansı əldə edir. Dəhliz vasitəsilə Əfqanıstan Avropa bazarında kənd təsərrüfatı məhsullarının ixrac həcmini genişləndirə bilər. “Lapis Lazuli" dəhlizinin də Bakı-Qars dəmir yoluna birləşdirilməsi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan Türkiyədən keçməklə bütün Avropaya və Şimali Afrikanın bir çox ölkələri də daxil olmaqla 50-60 ölkəyə yüklərin daşınmasını təmin edəcək. Düzdür, bu layihə əsasən Əfqanıstan və Türkmənistan mallarının Avropa bazarına daşınmasına xidmət etsə də, bu marşrut böyük perspektiv vəd edir.
Nəqliyyat şəbəkələrinin inkişafı region ölkələri arasında müxtəlif sahələrdə əlaqələri və dolayısıyla qarşılıqlı asılılığı artıracaq. Bu da gələcəkdə davamlı sülh üçün möhkəm zəmin ola bilər”,- deyə TESPAM rəhbəri qeyd edib.