İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyini, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Qeyd olunub ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 38%, ölkəmizin qeyri–neft sektoruna birbaşa investisiya qoyuluşunda isə 35%-dir. Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq sənədləri, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviq və qorunması haqqında sazişlər imzalanıb. Azərbaycanın dövlət qurumları texniki yardım alətləri çərçivəsində əməkdaşlıq edir. Ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir.
Nazir Şahin Mustafayev Azərbaycanın nəqliyyat və energetika sahələrində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyini və bunun üçün müvafiq hüquqi rejimin yaradıldığını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən İqtisadiyyat naziri Azərbaycan üçün qeyri-neft sektorunun prioritetliyini vurğulayıb, ölkə iqtisadiyyatının diversifikasiyası, eləcə də son zamanlar həyata keçirilən kompleks islahatlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa İttifaqı ilə iqtisadiyyatın və ixracın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Milli Qurtuluş Günü münasibətilə İqtisadiyyat nazirini təbrik edib, əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı qeyd edərək, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı arasındakı yeni tərəfdaşlıq sənədi əlaqlərin genişlənməsində əhəmiyyətli olacaq. Yohannes Han İqtisadiyyat nazirini Brüsselə səfərə dəvət edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafına, viza rejiminin sadələşdirilməsinə, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədinə dair fikir mübadiləsi aparılıb.
Avropa İttifaqının komissarı İqtisadiyyat Nazirliyində olub
10:56
19 İyun 2017