Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard Avropa iqtisadiyyatının koronavirus pandemiyasından bərpası üzrə fondun əbədi olması təklifi ilə çıxış edib.
FED.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
O qeyd edib ki, 750 milyard avroluq fond Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarını xilas etmək üçün genişmiqyaslı planın bir hissəsidir.
“Əvvəlcədən bu fondun müvəqqəti alət kimi istifadə edilməsi nəzərdə tutulmuşdu: onun vasitəsilə Aİ ölkələrinin böhrandan çıxmasına kömək etmək planlaşdırılırdı. Amma bu fondu gələcəkdə oxşar vəziyyətlər yaşanacağı təqdirdə avropalı səlahiyyətlilərin istifadə edə biləcəyi alətlər arasında saxlamaq barədə düşünməliyik”, - o deyib.
Xatırladaq ki, oktyabrın əvvəlində o, Avropa tənzimləyicisinin lazım gələcəyi təqdirdə Avrozona iqtisadiyyatını xilas etmək üçün yeni pul-kredit stimullaşdırmasına gedəcəyini söyləmişdi. Planlar arasında hətta ECB-nin əsas dərəcəsini (indi sıfır həddədir – red.) azaltmaq kimi tədbirlər də var (Report).