Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman verib.
FED.az-ın məlumatına görə, fərmana əsasən Dövlət Agentliyinə yeni xidmətlərin həyata keçirilməsi həvalə olunub.
Dövlət Agentliyi torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirəcək.
İndiyə qədər Dövlət Agentliyi yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması ilə bağlı xidmət təqdim edib. Fərmana əsasən bu sahədə təqdim olunan xidmətlərin sayı artırılıb.
Bundan sonra isə ASAN Xidmət hərbi qeydiyyatla bağlı yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi, vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi, həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi, vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi xidmətlərini təqdim edəcək.
Fərmana əsasən ASAN Xidmət bundan sonra həm də hüquqi və fiziki şəxslərə arxiv arayışları ilə bərabər arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsini də təmin edəcək.