Yanvar ayının nəticələrinə görə, Türkiyənin xarici ticarətində rekord kəsir yaranıb.
FED.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı yanvar ayı xarici ticarət məlumatlarına görə, ixrac əvvəlki ilin eyni ayına görə 10,3% artaraq 19 milyard 369 milyon dollar, idxal isə 20,7% artaraq indiyədək ən yüksək həddə - 33 milyard 606 milyon dollara çatıb.
Nəticədə xarici ticarətdə kəsir – mənfi saldo 14 milyard 237,2 milyon dollar olub.
FED.az xəbər verir ki, bu əvvəlki ilin yanvarı ilə müqayisədə 38% artıqdır. Ötən ilin yanvar ayında ixracın idxala nisbəti 63 faiz olduğu halda, bu il həmin göstərici 57,6 faizə enib. Bu 2013-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.
Enerji və qızıldan başqa kəsir də var.
Yanvarda enerji məhsulları və qızıl istisna olmaqla, ixrac 8,4 faiz artaraq 18 milyard 105 milyon dollar, idxal isə 8,1 faiz artaraq 19 milyard 891 milyon dollar olub. Yəni enerji və qızılsız da xarici ticarət kəsirdə olub - 1 milyard 787 milyon dollar.
İxracda Almaniya, idxalda...
Yanvarda 1,8 milyard dollarlıq ixracatla birinci yeri Almaniya tutarkən, ABŞ 1,2 milyard dollar, Rusiya 1 milyard dollar, İngiltərə 954 milyon dollar və İtaliya 916 milyon dollarla izləyib. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,6 faizini təşkil edib. Rusiya 5 milyard dollarlıq idxalla birinci sırada olarkən, 4,3 milyard dollarla İsveçrə, 3,6 milyard dollarla Çin, 1,8 milyard dollarla Almaniya və 1,2 milyard dollarla ABŞ gəlib. Aylıq ümumi idxalın 47,4 faizi bu beş ölkədən həyata keçirilib.