Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlərin müəyyənləşdirilməsi və icazə sistemi təkmilləşdirilməsinə dair “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliklərin səbəbləri məlum olub.
Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq
FED.az xəbər verir ki, qanun layihəsi alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. İcazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcək.
stehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.
Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaq.
Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilib.
Aparılmış təhlillərə əsasən son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.
Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olub. Belə ki, Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları"nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq şərtilə verilməsi tələbi mövcud olub.