Xəbər verildiyi kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi noyabr, 2022 üzrə ixrac icmalını hazırlayıb.
Ölkəyə ən çox valyuta gətirən – 10 ÖZƏL ŞİRKƏT
FED.az-ın məlumatına görə, ölkədən xüsusilə qeyri-neft məhsullarının ixracı barədə ətraflı məlumat mənbəyi rol oynayan sənədə əsasən, artıq iki aydar ki, Azərbaycandan xaricə qeyri neft məhsullarının ixracında ən yüksək yerlərdən birini fiziki şəxs Elvin Şirinov tutur.
İcmala əsasən, Elvin Şirinov yanvar-avqust aylarında 20,2 milyon dollarlıq, yanvar-sentyabr aylarında 24,6 milyon dollar, yanvar-oktyabr aylarında 27,8 milyon dollarlıq, yanvar-noyabr aylarında isə 33,7 milyon dollarlıq məhsul ixrac edib.
Başqa sözlə, sahibkar son 4 ayda hər ay ixrac həcmini orta hesabla 3-4 milyon dollar, noyabr ayında isə təqribən 6 milyon dollar artırıb.
Bununla yanaşı, FED.az-ın kiçik araşdırması göstərib ki, bir neçə ay əvvəl Elvin Şirinovun məhsul ixracı ilə bağlı çətinlikləri olub. Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı olan çətinliyin həlli üçün sahibkar, digər həmkarları ilə birlikdə prezident İlham Əliyevə müraciət də edib.
Müraciətdə sahibkarlar iqtisadiyyatın inkişafı, o cümlədən məhsul istehsalının artımı üçün görülən işlərdən razılıqlarını bildirsələr də, qeyd edirlər ki, bəzi «bəzi qurumların səriştəsiz qərarlar alması nəticəsində öz məhsulumuzu ölkə ərazisindən kənara çıxarılmasını təmin edə bilmirik. Bunun da ən başlıca səbəblərindən biri Qida Təhlükəsizlik Agentliyinin yaratdığı sistem maneəsidir».
Müraciətdə daha sonra bildirilir ki, keçən il pomidor məhsulunun ixracı zamanı yaranmış böhran nəticəsində çox sayda istixanalarda olan məhsullar xarab olaraq kanallara atıldı, nəticədə, sahibkarlara milyon manatlarla zərər dəydi: «Bu qurumun tətbiq etdiyi kvota ixraca dəstək yox, zərər oldu. Yüzlərlə qeydiyyatdan keçmiş istixanalar pomidor əkməkdən imtina etdilər. Xırda qeydiyyatdan keçməmiş minlərlə istixana pomidor istehsalına başlasa da, onların qeydiyyatı olmadığından məhsulların ixrac edilməsi çox çətinlik yaradır. Yəni qeydiyyatda deyilsə məhsul ixracı mümkünsüzdür. Dəfələrlə bu barədə sözügedən agentliyə bildirilib. Amma məsələni qaydaya salmaq üçün heç bir addım atılmır. Sən Qida Təhlükəsizliyində qeydiyyatdasansa, məhsul ixrac edə bilərsən, qeydiyyat yoxdursa sahibkarın istehsal etdiyi pomidorun aqibəti məlum deyil».
Müraciətdə bildirilirdi ki, məhsulun ixrac edildiyi ölkə olaraq Rusiyada bu qeydiyyatla bağlı bir maneə olmadığı halda, Qida Təhlükəsizliyi belə qeydiyyat tələb edir. Özüə də bu vəziyyət təkcə pomidor deyil, kartof və digər məhsullarla bağlı da yaranıb. «Hazırda 60-a yaxın vaqon pomidor ixracı var ki, sənəd ala bilməmək səbəbindən ixrac edə bilmirik»-deyə müraciət müəllifləri may ayında dövlət başçısına bildirir və ondan xahiş edirdilər ki, bu prosesi nəzarətə götürsün.
Müraciətə reaksiya barədə məlumat açıqlanmasa da, bundan sonra baş verən proseslər, o cümlədən Elvin Şirinovun ölkənin əsas ixracçılarından birinə çevrilməsi belə deməyə əsas verir ki, iş adamlarının müraciəti nəzərə alınıb və ixracdakı maneələr vaxtında aradan qaldırılıb.