Hazırda Azərbaycanda 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir.
FED.az xəbər verir ki, ümumi ərazisi 240 min kvadratmetr təşkil edən aqroparkların layihə dəyəri 2,4 milyard manatdır. Aqropark və iri fermer təsərrüfatlarının 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Ötən müddətdə aqroparklara 1,4 milyard manat özəl sərmayə qoyulub.
Ölkədə aqroparkların yaradılması 2022-ci ildə də davam edib. İl ərzində fəaliyyətə başlamış aqroparkların 10-u heyvandarlıq sahəsinə aid olub. Həmin müəssisələrdə isə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub. Bu barədə İZİA İdarə Heyəti sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, aqroparklarda digər kənd təsərrüfatı müəssisələrində olduğu kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanılır. Bununla yanaşı, dövlət tərəfindən digər mühüm dəstək tədbirləri də həyata keçirilir. Ötən müddətdə investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnikanın, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt tətbiq olunub. Eyni zamanda, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 195 milyon manat güzəştli kredit verilib.
Ölkəmizdə aqroparkların fəaliyyətinin genişləndirilməsi məqsədilə bir sıra əlavə tədbirlərin görülməsi planlaşdırılır. Həmin tədbirlər sırasında aqroparkların ərazisində emal müəssisələrinin yaradılması ideyası xüsusi qeyd edilməlidir. Z.Dibirovun bildirdiyinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisənin yaradılması nəzərdə tutulur. Ərazisinin genişliyi ilə seçilən bu pilot təsərrüfat 2855 hektar sahəni əhatə edir.
Aqroparkın əkinə yararsız 129 hektar hissəsinin təyinatı dəyişdirilərək burada emal zonası yaradılacaq. Həmin ərazi bütün zəruri infrastrukturla təmin ediləcək.
Xatırladaq ki, 2021-ci ildə yaradılmış aqroparkda prioritetləşdirilmiş məhsulların əkini həyata keçirilir. Həmin məhsulların da məhz elə aqroparkın ərazisində emalı məqsədyönlü sayılır. Yeni yaradılacaq müəssisədə isə, əsasən, ərzaq və aqrar məhsulların emalı gözlənilir.
İZİA İdarə Heyəti sədrinin müavini, həmçinin bildirib ki, gələcəkdə aqroparkların ərazisində meyvəçilik, toxumçuluq, süd məhsulları üzrə də emal müəssisələri yaradıla bilər. Bu da investorların marağından irəli gəlir. Belə olan təqdirdə investorların aqroparkların sahibləri ilə birgə emal müəssisələrinə böyük həcmdə investisiya yatıracaqları gözlənilir.
Yeri gəlmişkən, aqroparkların gələcək inkişafı və onların kənd təsərrüfatında lokomotiv rolunu oynaması üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu barədə İZİA-nın İdarə heyətinin sədr müavini gələcəkdə aqroparkların ixtisaslaşmasına nail olmaq üçün onların klasterləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Z.Dibirov ölkədə fəaliyyətlərində nöqsanlar aşkarlanmış aqroparkların statuslarının ləğv olunacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib. “Bu məqsədlə hazırda ölkədə fəaliyyət göstərən aqroparkların müəyyən qiymətləndirilməsi aparılır. Araşdırma ilə onların biznes-planlarına uyğun fəaliyyət göstərmələri, torpaq sahələrindən düzgün istifadə etmələri aydınlaşdırılır. Qiymətləndirmə aqroparkların reyestrinin yaradılması ilə bağlıdır. İndiyədək həmin aqroparklar müraciətlər əsasında təşkil olunub. Lakin artıq aqroparkların hüquqi çərçivəsi müəyyənləşib, əsasnamə qəbul edilib. Hazırda reyestrinin yaradılması istiqamətində işlər aparılır”– deyə o vurğulayıb.
Z. Dibirov, həmçinin bildirib ki, aqroparklar reyestrə salınandan sonra onlara qeydiyyat şəhadətnaməsi veriləcək. Bu da İqtisadi Zonaların İnkişafı Agentliyi ilə aqroparklar arasında əməkdaşlığı asanlaşdıracaq. Gələcək əməkdaşlıq çərçivəsində isə aqroparkların və iri fermer təsərrüfatlarının qarşılaşdığı institusional və fərdi problemlərinin həllinə kömək göstəriləcək. Bu zaman istehsal və satış prosesi ilə bağlı məsələlərlə yanaşı, aqroparkların maliyyə resuslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına dəstək kimi məsələlər də yer alacaq.