Bu ilin yayında “Aqroekspress” layihəsi çərçivəsində Rusiyadan Azərbaycana un və kartof göndərilməsi gözlənilir.
Eləcə də bax: Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı - GÖNDƏRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı bildirir.
Xatırladaq ki, layihəni Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC, “Roseksimbank” SC, “Rusiya Dəmir Yolları” ASC (RDY) və “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” ASC həyata keçirir.
“Alliance Logistics”in satış şöbəsinin müdiri Soltan Əsgərov deyib ki, şirkət artıq “RDY Logisttika" ilə Rusiyadan Azərbaycan istiqamətdə aqroekspress daşımalarının təşkil edilməsi ilə bağlı danışıqlar aparır.
“RDY Logistika"nın mətbuat xidmətinin rəhbəri Yevgeni Fisenko isə bildirib ki, Azərbaycandan aqrar-sənaye məhsullarının daşınması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ixracın həcmini artırmağa və qonşu ölkələri bu dəhlizə cəlb etməyə imkan verəcək: "Mütəxəssislər Şimal-Cənub dəhlizi üzrə “Agroexpress”in yük bazasının həcmini ildə 60 min ton səviyyəsində qiymətləndirir, halbuki 2025-ci ilə qədər bunu 100 min tona çatdırmaq mümkündür”.
“Alliance Logistics”in rəhbəri Natiq Heydərovun sözlərinə görə isə, Azərbaycandan Rusiyaya sınaq daşınması başa çatdıqdan sonra şirkətlər daşıma proseslərini təkmilləşdirməklə yanaşı, müntəzəm yükdaşımaları təşkil edəcəklər. Gələcəkdə “Aqroekspress”in təkcə Xaçmazdakı Ləcət stansiyasından deyil, Astaradan da təşkil olunması planlaşdırılır.
Xatırladaq ki, fevralın 12-də Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasından ilk yük qatarı Rusiyaya göndərilib. 17 vaqondan ibarət qatarın yükü xurma olub.