2023-cü ilin aprel ayında Azərbaycanda inflyasiya mart ayında qeydə alınmış 0,7% səviyyəsində inflyasiyaya qarşı 0,3% təşkil edib.
Dünyada ərzaq qiymətləri son bir ildə ilk dəfə - ÖTƏN AY BAHALAŞIB
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Apreldə respublikada inflyasiya 0,7% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2022-ci ilin aprel ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə inflyasiya 12,8% təşkil edib. Cari ilin aprel ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 15,1%, qeyri-ərzaq malları 11,3%, xidmətlər 10,7% bahalaşıb.
Statistik məlumatlara görə, apreldə ət və ət məhsulları 1,4%, süd və süd məhsulları 0,1%, meyvələr 2,3%, qənd, cem, bal, şokolad və konfetlər 0,3%, çay, qəhvə, kakao 0,2%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,6%, spirtli içkilər 0,4%, tütün məmulatları 3,3% bahalaşıb.
Apreldə çörək, çörək məmulatları və yarmalar 0,5%, balıq və balıq məhsulları 0,6%, yumurta 2,8%, kərə və bitki yağları 0,6%, tərəvəzlər 1,7% ucuzlaşıb.
2023-cü il aprel ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,5% (mart ayının sonuna 13,8%) təşkil edib. Ərzaq malları üzrə orta illik inflyasiya 16,6%, qeyri-ərzaq malları üzrə 11,8%, xidmətlər üzrə 10,7% səviyyəsində olub.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 6,9% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. (İnterfaks-Azərbaycan)