Bu ilin aprel ayı ərzində 377 şirkət tərəfindən 143 mln. ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İqtisadi İslahatlar Mərkəzinin nəşr etdiyi “İxrac icmalı”nın II buraxılışında göstərilir ki, apreldə qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya qərarlaşıb. 2017-ci ilin 4 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 2016-cı ilin müvafiq ilə müqayisədə 22% artıb. Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak edib.
Azexport.az portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında ilk dəfə portala sifariş daxil olan ölkələr isə Hindistan, Çin, İspaniya, Gürcüstan, Yəmən, Əlcəzair, Sinqapur, Avstraliya və Fələstindir. Azexport.az portalına aprel ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 29,9 mln. ABŞ dolları olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar ayında “azexport.az” portalına 48 mln. ABŞ dolları, fevral ayında 6,5 mln. ABŞ dolları, mart ayında isə 27 mln. ABŞ dolları, aprel ayında isə 29.9 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan məhsullar arasındadır.