"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"ndə müəyyən edilmiş tədbirlərin 4%-i icra olunub, 50%-nin icrasına başlanılıb, 46%-nin icrasına isə ümumiyyətlə başlanılmayıb.
Bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması üzrə tədbirlərin 7%-i icra olunub, 57%-nin icrasına başlanılıb, 36%-nin icrasına başlanılmayıb, maliyyə bazarlarının inkişafı üzrə tədbirlərin 8%-i icra olunub, 62%-nin icrasına başlanılıb, 31%-i icra olunmayıb.
İnfrastrukturun gücləndirilməsi üzrə tədbirlərin heç biri icra olunmayıb, 20%-nin icrasına başlanılıb, 80%-i icra olunmayıb. Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin də heç biri icra olunmayıb, 31%-nin icrasına başlanılıb, 69%-nin icrasına başlanılmayıb.
Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması üzrə də bir tədbir belə icra olunmayıb və icrasına başlanılmayıb.
Əsas icraçı qurumların performansına gəlincə, cari il ərzində 4 tədbir icra etməli olan Azərbaycan Mərkəzi Bankı (AMB) yanvar-iyun ayları ərzində onların 38%-ini icra edib. Bu il ərzində 44 tədbirin icrasına məsul olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yarımillikdə tədbirlərin 28%-ini icra edə bilib.