Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya işçi çatışmazlığı ilə üzləşib. Alman biznesləri artan işçi çatışmazlığı fonunda kadr problemini həll etməkdə çətinlik çəkirlər.
Almaniya, Niderland, Belçika və Çexiyada işçi çatışmır - AVROPADA VƏZİYYƏT
FED.az xəbər verir ki, Almaniya Ticarət və Sənaye Palatası (DIHK) elan edib ki, alman biznesləri artan işçi çatışmazlığı fonunda kadr problemini həll etmək üçün mübarizə aparır, ölkədə təxminən iki milyon boş vakansiya var.
Almaniyanın 22 min şirkətində aparılan araşdırmalar göstərib ki, onların yarısı işçi tapmaqda çətinlik çəkir. Bu, “rekord rəqəmdir”-deyə tədqiqatçılar bildirirlər.
Almaniyada işçi qıtlığı xüsusilə ixtisaslı işçi qüvvəsində özünü göstərir. Sənaye sahəsində çalışan şirkətlərin 58%-i işçi çatışmazlığından şikayət edir.
Almaniyanın iqtisadi gücünü simvolizə edən iki sektorda olan şirkətlərin üçdə ikisi - dəzgahqayırma (67%) və avtomobil sənayesi (65%) də işçi tapmaqda çətinlik çəkdiyini bildirir.
DIHK bu problemi həll etmək üçün əmək qanunlarına dəyişiklik tələb edir.Bura əcnəbi işçilərin işə götürülməsini asanlaşdırmaq, bürokratik əngəlləri azaltmaq, yaşlı insanların işləmək imkanlarını artırmaq və işçilərin cəlb edilməsi və saxlamaq üçün iş-həyat balansının yaxşılaşdırılması daxildir.
DIHK həmçinin avropalı olmayanlar, xüsusən də Almaniyaya yeni gəlmiş ukraynalılar üçün “asan əmək immiqrasiyasına” çağırıb.
Qeyd edək ki, Almaniya, ilk növbədə əhalinin qocalması səbəbindən sənaye, turizm, səhiyyə və tikinti kimi müxtəlif sektorlarda illərlə artan işçi çatışmazlığı ilə üzləşmişdi. Lakin Covid pandemiyası səbəbindən son illərdə vəziyyət daha da pisləşdi.
2022-ci ilin sentyabrında ixtisaslı işçi çatışmazlığını təxminən 240 min nəfər qiymətləndirən Almaniya hökuməti xarici işçiləri cəlb etmək üçün viza siyasətində islahatlar planı hazırlayıb.
Noyabr ayında Almaniyanın hakim koalisiyası elan edib ki, Kanadada tətbiq edilən modelə uybun «bal sistemi» tətbiq etmək niyyətindədir.