Aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır.
Vergilər Nazirliyindən FED.az daxil olmuş məlumata görə,göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib.
Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırlır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.