Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının daha 19 kredit ittifaqının lisenziyasını məcburi, 2 kredit ittifaqının lisenziyasını isə könüllü qaydada ləğv etməsinə münasibət bildirib.
FED.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Cəlil Süleymanov “Report”a bildirib ki, kredit ittifaqlarının bazardan kənarlaşdırılması gözlənilən idi: “Bağlanmış ittifaqlar maliyyə çətinliyi yaşayırdı, buna görə də, nə normal fəaliyyət göstərirdilər, nə də Palataya vaxtında hesabat verirdilər. Azərbaycanda ittifaqlara vəsait əsasən 3 qurumdan - Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətindən, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan ayrılıb. İndi isə həmin təşkilatlar bütün ittifaqlara pul vermir. Bu isə ittifaqların bir qisminin dayanıqlı fəaliyyətini qeyri-mümkün edib və lisenziyalarının ləğv olunmasına gətirib-çıxarıb”.
AKİA sədrinin fikrincə, Azərbaycanda daha 25-30 kredit ittifaqını lisenziyadan məhrum edilmə təhlükəsi gözləyir: “Hesab edirəm ki, bazarda təxminən 50 kredit ittifaqı qalacaq”.
Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının qərarına əsasən, “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv olunub. Bundan başqa, öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar da ləğv edilib.
Bu ilin əvvəlində isə Palata 12 kredit ittifaqının - "Arzu”, “Azəriinvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Həkəri”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı” kredit ittifaqlarını bazardan kənarlaşdırılıb. Beləliklə, kredit ittifaqlarının sayı 2017-ci ildə 33 vahid azalaraq 77-yə düşüb.