Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə (2019-2023-cü illər) Ölkə Tərəfdaşlıq Strategiyasını hazırlayacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, qurumun icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb. Bankın iqtisadi tədqiqatlar direktoru Edmon Gintinq, iqtisadçı Eymi Hampel-Milagrosa və menecer Əziz Heydərovun daxil olduğu nümayəndə heyətinə ölkədə aparılan iqtisadi islahatlar və strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə geniş məlumat verilib. Xüsusilə qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində bu gün ölkəmiz "Qlobal Rəqabətlilik Hesabatında" AİB-ə daxil olan əksər ölkələri geridə qoyur. Bu isə ölkəmizlə əməkdaşlıqda maraqlı olan beynəlxalq və regional maliyyə institutları ilə əlaqələrdə daha geniş imkanlar açır.
Həmçinin görüşdə Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə diaqnostik tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin ortamüddətli inkişaf strategiyası ilə yanaşı, AİB-in Azərbaycan üzrə (2019-2023-cü illər) hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə də toxunulub.