Avropa İttifaqı (Aİ) üzv ölkələrinin rəhbərləri arasında 4 saat yarım davam edən videokonfrans zamanı iqtisadiyyata 540 milyard avro məbləğində təcili dəstək proqramı təsdiqləndi.
FED.az “Euronews”-a istinadən xəbər verir ki, liderlər həmçinin Avropa Komissiyasına yaradılacaq müvafiq uzunmüddətli fondla bağlı müddəaları may ayının 6-dək hazırlamağı tapşırıblar.
Mənbələrə görə həmin fondun həcmi 2 trilyon avro məbləğində ehtimal edilir.
Aİ-nin bütün üzv ölkələrinin zəmanətilə vəsait cəlb etmək məqsədi ilə koronabond deyilən dövlətlərarası istiqrazlar buraxmaq fikri bir sıra ölkə, o cümlədən Almaniya və Niderland tərəfindən etirazla qarşılandı. Bununla bağlı Avropa Komissiyası prezidenti Ursula fon der Leyen koronavirus pandemiyasından sonra iqtisadiyyatı dirçəltmək üçün yaxın 2-3 il ərzində Aİ-də üzvlük haqqı ÜDM-nin 1,2 faizindən 2 faizinədək qaldırılacağını bildirib.
Almaniya, habelə İtaliya və İspaniya təşkilatın büdcəsinə daha çox vəsait köçürməyə hazır olduqlarını bildirdilər.
Aİ liderləri arasındakı danışıqlar iki həftədən sonra davam etdiriləcək.
Report