ABŞ-da xarici ticarət kəsiri ötən il Prezident Donald Trampın kəsiri bağlamaq səylərinə baxmayaraq, 10 ilin ən yüksək səviyyəsinə qalxıb.
FED.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 2018-ci ildə xarici ticarət kəsiri 621 milyard dollar olub. Bu, 2008-ci ildən bəri ən yüksək səviyyədir.
Xarici ticarət kəsiri Dekabrda da 19% artımla 59.8 milyard dollar təşkil edib və proqnozları aşıb. Bu rəqəm də 10 ilin rekordudur. Proqnoz - 57.9 milyard dollar idi. Dekabr ayında ixrac əvvəlki aya nisbətən 1.9% düşərək 205.1 milyard dollara enib. Bu, 2016-dan bəri ən böyük azalma kimi qeydə alınıb.
İdxal bu dövrdə 2.1% artımla 264.9 milyard dollara yüksəlib.
Bütün il ərzində ABŞ-ın ixracı 6.3% artımla 2.5 trilyon dollar, idxalı da 7.5% artaraq 3.12 trilyon dollar təşkil edib.
2018-də Çin ilə ticarət kəsiri əvvəlki ilə nisbətən təxminən 12% artıb və 419 milyard dollarla rekord qırıb.
Dolların möhkəmlənməsi, Prezident Trampın Çin və Avropa Birliyi kimi ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflər bu iqtisadiyyatların ləngiməsinə səbəb olub və ABŞ məhsullarına olan tələbi də azaldıb.