Amerika Birləşmiş Ştatlarının Əmək Nazirliyinin cümə günü dərc edilmiş hesabatına görə, ABŞ-da işsizlik səviyyəsi ötən ay 3,6 faizə düşüb ki, bu da 1969-cu ilin dekabrından bəri minimum hesab edilir. Hesabatda qeyd edilib ki, ölkə iqtisadiyyatına 263 min iş yeri əlavə edilib. İqtisadçılar aprel ayında işsizliyin səviyyəsinin 3,8 faizdə qalacağını, iş yerlərinin isə cəmi 181 min artacağını proqnozlaşdırmışdılar.
FED.az xəbər verir ki, Nazirliyin dəyərləndirməsinə görə, göstərilən dövrdə ölkədə saathesabı əməkhaqqı illik 3,2 faiz artaraq 27,77 dollar təşkil edib. Aylıq hesablamada saathesabı əməkhaqqı 0,2 faiz və ya 6 sent artıb.
Sənaye şirkətlərinin səhmləri üçün Dou-Cons indeksi son günlər ərzində rekord dərəcədə yüksək səviyyədədir, ÜDM isə birinci rübdə 3,2 faiz artıb. CNN-in bu həftə dərc edilmiş sorğusuna əsasən, Trampın iqtisadi siyasətinin bəyənilmə reytinqi 56 faizədək artıb.