ABŞ administrasiyası Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiqini iyunun 15-dək təxirə salıb.
FED.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə bildiriş ticarət danışıqlarında ABŞ nümayəndəsinin aparatı tərəfindən elan olunub və Federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər məcmuəsində dərc ediləcək.
Ticarət danışıqlarında ABŞ nümayəndəsi Robert Laythayzerin aparatı Çindən idxal olunan məhsulların rüsumunun 10 faizdən 25 faizə qaldırıldığını xatırladıb. Sonradan Amerika hakimiyyəti iyunun 1-nə qədər idxal ediləcək Çin məhsullarına əlavə rüsumun tətbiq olunmayacağını elan edib. “Hazırkı bildiriş bu müddəti 2019-cu il iyunun 15-dək qədər uzadacaq”, - deyə Laythayzer bildirib.
ABŞ Prezidenti Donald Tramp ABŞ və Çin arasında ticarət mübadiləsində 500 milyard dollara çatdığı iddia edilən defisiti kəskin tənqid edir. Ötən il ərzində Çin və ABŞ bir-birlərinə qarşı gömrük rüsumlarını dəfələrlə artırıb.
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard isə öz növbəsində ABŞ və Çin arasında ticarət müharibəsinin 2020-ci ildə dünya üzrə ümumdaxili məhsulun 0,5 faiz azalmasına səbəb olacağı barədə xəbərdarlıq edib.