Hazırda Sumqayıt Kimya Sənaye Parkında investisiyalarının həcmi 3 milyard dollar olan 20 rezident qeydiyyata alınıb. Artıq burada 13 müəssisədə istehsal var və parkda 5 mindən artıq insan daimi işlə təmin edilib. Bunların əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləridir. FED.az xəbər verir ki, bu barədə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bildirib.
Onun sözlərinə görə, sənaye parklarının iqtisadi inkişafda və sənayedə əsas rolu idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması olub. «Azot gübrəsi, polimerlər, şpris, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar və ölkəmiz üçün ənənəvi olmayan bu kimi onlarla yeni məhsulun istehsalı sənaye parklarında həyata keçirilənədək, həmin məhsullar demək olar ki, 100 faiz həcmdə idxal olunurdu. Bu məhsullar üzrə idxalın əvəzlənməsi, eləcə də həmin məhsulların daha çox ixraca hesablanması və nəticədə ölkəmiz üçün yeni ixrac imkanlarının yaranması nəinki ölkədən valyuta çıxarılmasının qarşısını alır, əksinə, ölkəyə əlavə valyuta gəlməsinə zəmin yaradır ki, bu da nəticədə iqtisadiyyatın vacib amillərindən biri kimi milli valyutanın möhkəmlənməsinə öz töhfəsini verir»-deyə parkın direktoru bildirib.
Onun sözlərinə görə, bu günədək sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal olunub, təqribən 400 milyon manatlıq məhsul ixrac edilib. Əksəriyyəti ölkəmiz üçün yeni olan sənaye məhsullarının ixrac coğrafiyasında MDB ölkələrini, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal göstərmək olar.
Statistik göstəricilərə nəzər saldıqda, 2018-ci ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 170 milyon manatlıq məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 2,6 dəfə çox - yəni, 440 milyon manatlıq məhsul istehsal olunmuşdur. İxrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon manat təşkil etmişdir. Diqqətinizə çatdırıram ki, 2018-ci ildə bu göstərici 52 milyon manat olmuşdur.
Həmçinin bu ilin 9 ayında parka 600 milyon manat investisiya yatırılmışdır ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil etmişdir.
Eyni zamanda, bu ilin 9 ayında 440 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 5,3 faiz olmuşdur.
Bundan əlavə, bu il 190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 11 faiz təşkil etmişdir.