Azərbaycanda vətəndaşlar xaricdən mal sifariş edərkən olan 300 dollarlıq limitə “yolpulu”nun şamil edilməməsi təklif edilib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zaman deyib.
Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - Yeni Qaydalar Təsdiqlənəcək
“Bir müddət əvvəl fiziki şəxslər üçün gömrük rüsumu ödəmədən xaricdən mal gətirməklə bağlı limiti 1000 dollardan 300 dollara endirdik. Ancaq xaricdən mal gətirilərkən “yolpulu”nu həmin 300 dolların içərisinə salmaq nə dərəcədə düzgündür? İnsanlar müraciət edirlər ki, heç olmasa bu “yolpulu” 300 dollarlıq limitə şamil edilməsin. İmkan varsa, bu məsələyə baxılsın”, - deyə millət vəkili bildirib.
Deputat eyni zamanda son zamanlar gömrükdə müşahidə olunan yeniliklərə diqqət çəkib: “Dörd-beş gün bundan qabaq özüm Dubaydan gəlirdim. Hamı bilir ki, Dubay da bizdə çox riskli reys sayılır. Deputat kimi xüsusi qarşılanmışdım, amma mən adi vətəndaşlar kimi hava limanından çıxmaq, nələrin dəyişdiyinin şahidi olmaq istədim. Sözün açığı, dəyişiklilikləri hissə etdim. İslahatlar hiss olunur”.