2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub,
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.
2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27,0 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.
2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.