Rusiyanın ixracatçı şirkətlərinin Azərbaycana biznes missiyası çərçivəsində “Süd məhsullarının tədarükünün artırılması potensialı” mövzusunda dəyirmi masa keçirilib.
FED.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzinin məlumatına görə, iki ölkənin biznes nümayəndələri həm ənənəvi süd məhsulları, həm də quru süd və zərdab kimi əmtəə məhsulları ticarətinin inkişafını müzakirə ediblər.
Rusiyanın Milli Süd İstehsalçıları İttifaqının baş direktoru Artem Belovun sözlərinə görə, 2023-cü ildə Rusiya Azərbaycana dəyəri 20 milyon dollardan çox süd məhsulları ixrac edib. Onun sözlərinə görə, Rusiya süd və qənnadı sənayesi, eləcə də HoReCa seqmenti üçün xammal bazası təmin etməkdə Azərbaycan üçün etibarlı tərəfdaş olmağa hazırdır.
Azərbaycanın böyük emalçı və hazır süd məhsulları istehsalçısı olan “Milla Dairy”nin baş direktoru Adil Vahabzadə bildirib ki, 2025-ci ilin ortalarına qədər şirkət emal gücünü sutkada 300 tondan 400 tona çatdırmağı planlaşdırır və buna görə də xammala ehtiyac var. Digər Azərbaycan istehsalçıları da istehsal üçün xammalın, ilk növbədə quru süd və zərdabın Rusiyadan idxalında maraqlı olduqlarını bildiriblər. (Vergiler.az)