Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr başlayıb. Ötən ilin büdcəsi müasir Azərbaycan tarixində ən böyüyü hesab olunur.
FED.az bildirir ki, millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev hesab edir ki, 2022-ci ilin büdcəsinin daha böyük olması üçün bütün əsaslar var.
- Elnur müəllim, mayın 31-də Milli Məclisdə dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə start verildi. Müzakirələr dünya bazarında enerji daşıyıcılarına olan yüksək qiymətlər fonunda keçirilir. Nəzərə alsaq ki, 2021-ci ilin büdcəsi müstəqillik tariximizin ən iri büdcəsidir, gələn il əsas maliyyə sənədinin daha da böyük olmasını ehtimal etmək olarmı?
- Təbii ki, enerji daşıyıcılarının ixracı dövlət büdcəsinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Siz neftə olan qiymətləri qeyd etdiniz, ancaq gəlin mavi yanacaq bazarını da unutmayaq. Bununla belə, büdcənin strukturuna baxanda qeyri-neft sektorundan əldə olan gəlirin nə qədər artığının şahidi oluruq. 2021-ci ilin büdcəsini müstəqillik tariximizin ən böyük büdcəsi olmaqla yanaşı, qeyri-neft sektorundan gələn gəlirin ən ciddi artım etdiyi büdcə kimi də qiymətləndirməliyik. Hökumətin elan və icra etdiyi əsas hədəf də məhz enerji daşıyıcılarının dominantlığını azaltmaqdır. Bunun isə yolu təbii ki, qeyri-neft sektorunun inkişaf etdirilməsindən keçir. Ona görə də düşünürəm ki, neft və qazın dünya bazarlarındakı qiymətindən asılı olmayaraq, bizim bütün cəhdlərimiz real iqtisadiyyatın qurulmasına yönəlməlidir ki, əslində, bu istiqamətdə təsirli tədbirlərin görüldüyünü müşahidə edirik.
- Siz müzakirələr zamanı çıxışınızda azad iqtsadi zonalardan bəhs etdiniz...
-Bəli, bildiyiniz kimi, hazırda hökumətin əsas hədəflərindən biri də budur. Bu zonalarda sahibkar və istehsalçı ciddi vergi güzəştləri əldə edir və prinsipcə, burada təmsil olunmaqda maraqlıdır. Belə parklarda 100-dən çox sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Səhv etmirəmsə, 60-a yaxını artıq fəaliyyətə başlayıb. Prioritet istiqamət yaradılmış zonaların işğaldan azad edilmiş bölgələrdə də fəaliyyətə başlamasıdır. Ağdamda bu region üçün ənənəvi olan sənaye sahələri, eyni zamanda, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sferaların inkişafına ciddi dəstək verilir. Müasir texnologiyaların sürətlə yenilənməsi səbəbindən sənaye inqilabları arasındakı müddət də kiçilir. Biz də çalışmalıyıq ki, rəqabətə dözümlü məhsulların istehsalı üçün dördüncü sənaye inqilabının tələblərini nəzərə alaq. Bu baxımdan, bu zonalarda, yaxud parklarda istehsal prosesinin əsas məqsədi ixracdır. Məsələn, belə bir statistik göstəricini əsas götürə bilərik ki, indiyədək bu parklarda ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı ixrac olunub. Özü də bu tendensiya getdikcə artır və artacaq. Məhsul istehsalı və ixracına baxsaq, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə az qala yüz faizlik artım var - 681 mln. manatlıq məhsul istehsal olunub. İxrac prosesində müqayisə apardıqda, burada da təqribən 2,7 dəfəlik artım müşahidə edilir. Yəni sənaye zonalaranın milli iqtisadiyyatımızdakı payı getdikcə artacaq. Bunun üçün həm şərait var, həm dövlət dəstəyi, həm də şükürlər olsun ki, müasir vizyonlu milli sahibkarlarımız.
- Məşğulluq problemi necə, misal üçün, Ağdamda fəaliyyətə başlayan zonada yerli əhalinin işlə təmin olunması nöqteyi-nəzərdən yanaşsaq, azad iqtisadi zonanın payı nə qədərdir?
- Təbii ki, bu parkların yerləşmə coğrafiyasının başlıca məqsədlərindən biri də məşğulluq probleminin həllidir. Ağdam sənaye parkı gələcəkdə tikilən yeni Ağdamın əhalisinin başlıca məşğulluq mərkəzi olacaq. Nəzərə alsaq ki, cənab Prezidentin təşəbbüsü ilə Ağdam yüzminlik əhalisi olan iri şəhər olacaq, deməli, bu əhalinin məşğulluq problemlemlərinin ciddi mənbələri olmalıdır. Təbii ki, yenə də texnoloji inkişafla əlaqədar olaraq bir sıra sahələr ciddi professionallara etibar edilməlidir. Ancaq ümumilikdə, təbii ki, yerli əhalinin məşğulluq qayğıları prioritetdir. Yeri gəlmişkən, biz “Araz Vadisi İqtisadi Zona”nı da unutmamalıyıq. Bu da çox böyük və əhəmiyyətli layihədir. Ümumilikdə isə, indiyədək sənaye zonalarında 10 mindən çox vətəndaşımız işlə təmin olunub. Burada istehsal olunan məhsullar 40-dan çox ölkəyə ixrac olunur. Yəni perspektiv böyükdür, məntiqlə, yeni iş yerlərinin açılması da realdır.
- Siz çıxışınızda belə bir cümlə işlətdiniz ki, 2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun özəl hissəsində vergi daxilolmaları ötən ilin həmin dövrü ilə müqayisədə 44,7% artıb...
- Bəli, İqtisadiyyat Nazirliyinin son açıqlamasında bu rəqəm əks olunur. Çox ciddi yükslişdir. Artıq indidən proqnozlaşdırmaq olar ki, 2022-ci ilin göstəriciləri ötən ilin yüksək nəticələrini üstələyəcək. 2021-ci ildə vergi daxilolmalarında 15,5 faizlik yüksəliş qeydə alınıb və 8,5 milyard manat təşkil edib. Bu tendensiya özünü qeyri-neft sektorunda da göstərir. Yenə də ötən ilə baxsaq, görərik ki, burada 13,5 faizlik artım olub. Yaşadığımız ilin ilk aylarının göstəriciləri deməyə əsas verir ki, ilin sonunda 2021-ci il həddini aşacağıq. Bu, ilk növbədə vətəndaşın vergi prosesinə inamının və etibarının artması ilə bağlıdır. Bu reallıq davam etdikcə, təbii ki, büdcədə qeyri-neft sektorunun da payı artacaq. (Qafqazinfo)