Azərbaycan hökuməti 2020-ci ildə 1 mlrd. 390,48 mln. manat dəyərində gəmi və üzən vasitələrin istehsalını proqnozlaşdırır ki, bu da 2016-cı ilin göstəricisindən 2,1 dəfə çoxdur.
İnterfax-ın verdiyi məlumata görə, proqnozlara əsasən, 2016-cı ildə 670,563 mln. manat dəyərində gəmi və üzən vasitə istehsal ediləcək.
2017-ci ildə ildə gəmi və üzən vasitələrin istehsalı ilə bağlı işlərin dəyəri 804,676 mln. manat, 2018-ci ildə 965,611 mln. manat, 2019-cu ildə 1 mlrd. 158,733 mln. manat təşkil edəcək.
2015-ci ildə Azərbaycanda 608,291 mln. manat məbləğində gəmi və üzən vasitə istehsal olunub.
Xəbər verildiyi kimi, 2013-cü il sentybarın 20-də Bakı Gəmiqayırma Zavodu istismara verilib. Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir.
Xəzər hövzəsində analoqu olmayan zavodda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
Müəssisənin ərazisi ümumilikdə 620 min kvadratmetrdir. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor binası, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib.
Zavodun tikintisinə $470 mln. investisiya qoyulub.
Müəssisənin səhmdarları SOCAR şirkəti (65%), Sinqapurun “Keppel” şirkəti (10%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%).