FED.az xəbər verir ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,9 milyardı ötüb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Eləcə də bax: Sənayenin qeyri neft-qaz sektorunda - BÖYÜK ARTIM
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanın qeyri-neft ixracı $1 milyard 689 milyon təşkil edib.
“Ötən il Azərbaycanda real ÜDM 2,2%, qeyri-neft ÜDM 3,5% artıb. Qeyri-neft sənayesi 13,9% artıb, qeyri-neft ixracının həcmi $1,9 milyard təşkil edib”, - Cabbarov cümə axşamı 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
O əlavə edib ki, 2019-cu ildə qeyri-neft sektoruna sərmayələrin xüsusi çəkisi bir qədər artaraq 70% rəqəminə çatıb.
“Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala investisiyaların real artımı 3,5% təşkil edib. Qeyri-neft sektoruna sərmayələrin xüsusi çəkisi investisiyaların ümumi həcmində 2018-ci ildə 65,2%-dən 2019-cu ildə 69,7%-dək artıb”, - Cabbarov qeyd edib.
İqtisadiyyat naziri vurğulayıb ki, həmçinin ötən il Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülüb. Onun sözlərinə görə, bu tədbirlər nəticəsində əhalinin gəlirlərinin nominal artım tempi 7,4%, orta əmək haqqının artım tempi 16,4% təşkil edib.