2019-cu ilin dövlət büdcəsindən bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.
FED.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Sənəddə göstərilib ki, 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci il ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur.
2019-cu ildə Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək. Bunlar aşağıdakılardır:
Şəhərlər - Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax .
Rayonlar - Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı.
2019-cu ilin dövlət büdcəsində Gəncə şəhərinin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib
Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.