2016-cı ilin iyul ayı ilə müqayisədə avqust ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.5% artıb.
Fed.az Dövlət statistika komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri avqustda əvvəlki ay ilə müqayisədə 0.6%, qeyri-ərzaq məhsulları ilə müqayisədə 0.5% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.4% artıb.
2016-cı ilin 8 ayı ərzində Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 10.8% artıb. Ərzaq məhsullarının qiymətləri 12.2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15.6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4.9% artıb.
Ay ərzində Azərbaycanda düyünün, unun, çörəyin, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində bahalaşma, balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqust ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqust ayı ərzində həmçinin əhaliyə göstərilən ödənişli xidmətlərdən ali təhsil müəssisələrində təhsil haqqı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mənbə: apa.az