2016-cı il ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 17 min 400 müraciət edilib. Müraciətlərin 62%-i Bakı şəhərinin, 38%-i isə regionların payına düşür. Ümumiyyətlə, indiyədək 195-2-yə 62 minə yaxın müraciət olunub.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq, cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.
2016-cı ildə həmçinin, 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 2 minə yaxın vətəndaş istifadə edib. 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox lisenziyaların verilməsi barədə məlumat əldə ediblər.
Qeyd: İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək və səsli menyunun köməyi ilə müvafiq məlumatlar əldə etmək olar. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər və Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
195-2 Çağrı Mərkəzinə 17 mindən çox müraciət daxil olub
17:32
25 Yan 2017