ABŞ Konqresinin Nümayəndələr Palatası Koronavirusa qarşı mübarizə, iqtisadi yardım və stimullaşdırma paketini 221-in 211-ə səs çoxluğu ilə təsdiq edib. Demək olar ki, bütün Respublikaçıların əleyhinə səs verdiyi qanun layihəsi Demokrat partiyasının ciddi səyləri nəticəsində qəbul olunub. Prezident Baydenin sənədi bu həftənin cümə günü imzalayacağı gözlənilir.
FED.az xəbər verir ki, 1,9 trilyon dollarlıq stimullaşdırma paketi Co Baydenin ABŞ prezidenti kimi səlahiyyətlərinə başlamasından etibarən ilk ciddi iqtisadi uğuru hesab olunur. Daha öncə xəbər verdiyimiz kimi, bu tədbirlərə əksər Amerikalılara 1400 dollar ödənməsini nəzərdə tutan 400 milyard dollarlıq birbaşa yardım paketi, ştatlara və yerli hökumətlərə 350 milyard dollarlıq iqtisadi yardım və COVID-19 infeksiyasına qarşı peyvənd proqramının genişləndirilməsi məqsədilə maliyyələşmənin artırılması daxildir.
“Bugün tarixi bir gündür. Bu, nəhəng COVID tənəzzülünün sona çatmasının başlanğıcıdır.” – Demokratların nümayəndəsi Jan Şakovski bildirib.
Respublikaçılar isə tədbirlər paketini həddən artıq xərcli və lazımsız vəsaitlərin sərf olunacağı, yanlış prioritetlərin seçildiyi sənəd adlandırırlar. Partiyanın nümayəndəsi Ceyson Smisin fikrincə: “Bu – bir çox yanlış səbəblərdən yanlış zamanda səhv plandır”.
Reuters/Ipsos-un 8-9 mart tarixlərində keçirdiyi ictimai rəy sorğusuna görə, Amerikanların 70%-i, o cümlədən Demokratların hamısı və əksər Respublikaçılar ümumilikdə planı dəstəkləyir. Dövlət və özəl sektor iqtisadçıları tədbirlər paketinin iqtisadi artıma təkan verəcəyini bildirirlər. Transmilli investisiya bankı Morgan Stanley bu həftə açıqladığı proqnozlarında 2021-ci il üzrə iqtisadi artım dərəcəsinin 8.1% olacağını bildirib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə üç ay öncə proqnozlaşdırdığı 3% əvəzinə ABŞ iqtisadiyyatının bu il 6% artacağını bəyan edib.(marja)