Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılmışdır. 1990-cı illərin sonunadək duz sənaye üsulu ilə çıxarılıb emal edilsə də, şaxtada və sexlərdə mövcud olan texnoloji avandanlıqlar müasir tələblərə cavab vermirdi. Nəticədə, duz çıxarılarkən səmərəlilik aşağı olur, normadan artıq itkilərə yol verilir, yüksəkkeyfiyyətli xörək duzu istehsal etmək mümkün olmurdu.
Son illər isə muxtar respublika rəhbərinin bu sahəyə xüsusi diqqəti artıq nəticəsini verib. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması, müəssisənin yeni texnoloji avadanlıqlarla təmin edilməsi muxtar respublikada duz istehsalının yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir.
Hazırda “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində il ərzində 6-8 min ton duz istehsal olunur. Əgər 2010-cu ilədək müəssisədə cəmi 8 çeşiddə məhsul istehsal edilirdisə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılmışdır.
Ötən dövr ərzində “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli şaxtasında aparılan araşdırma zamanı yeraltı avadanlıqların uzun müddət istismar olunduğu, təmir-bərpa xərclərinin hər il artdığı, mağaradan istifadənin iqtisadi cəhətdən səmərəli olmadığı və şaxtanın istismar müddətinin təhlükəliliyi nəzərə alınaraq 1 nömrəli şaxtanın istismarı dayandırılmışdır. Şaxtanın istismarı dayandırıldıqdan sonra daşduz qazma işləri yerüstü istismar üsulu ilə həyata keçirilmişdir.
1 nömrəli şaxtanın istismar müddəti 2017-ci ildə başa çatdığı üçün həm də artan tələbat nəzərə alınaraq 2018-ci ildə Duzdağda kəşfiyyat quyuları qazılmış, 133 metr dərinlikdəki 1 saylı quyuda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 2 saylı quyuda 6,5 metr qalınlığında daşduz layı kəsilmişdir.
Muxtar respublika ərazisində yerləşən Duzdağda 15 milyon ton duz ehtiyatı olan yeni şaxtanın tikintisinə 2019-cu ilin sonundan başlanılmışdır. Şaxta içəridə eni 5,5 metr, hündürlüyü 4,7 metr olmaqla, tam standartlara uyğun texnoloji vasitələrlə inşa edilmişdir. Tunelin sonunda sağ və sol istiqamətlərdə 40 metr qazma işləri aparılmış, burada 2 metr eni, 73 metr hündürlüyündə havalandırma sistemi quraşdırılmışdır ki, bu da içəridə yarana biləcək tozun çölə sorulmasına imkan verəcək, həmçinin duzun nəm çəkməsinin qarşısını alacaq.
Şaxtada tektonik hərəkətlər zamanı hər hansı xoşagəlməz halların qarşısını almaq üçün müxtəlifölçülü qəliblər də quraşdırılmışdır. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək.
Ərazidə tikintisi davam etdirilən yeni duz istehsalı müəssisəsindən şaxtayadək 3 kilometr uzunluğunda yol, 3,6 kilometr uzunluğunda elektrik xətti çəkilmiş, tunelin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 500 kva gücündə transformator quraşdırılmışdır. Yeni şaxtadan götürülmüş daşduzun analizi nəticəsində natrium xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən edilmişdir.
15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması müəssisənin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Bəli, bu gün Duzdağda Naxçıvanın uğurlu iqtisadi kursunda önəmli yer tutan sənaye müəssisələrindən biri fəaliyyət göstərir. Burada dünyada tayı-bərabəri olmayan qida üçün duz çıxarılır. Bu müəssisə ən müasir qurğularla təchiz edilib ki, minillərin Duzdağından çıxarılan duz təmiz şəkildə insanlara çatdırılsın. Naxçıvan duzu minillərboyu mövcud olan şöhrətini bu gün də qoruyub saxlayır, bu qiymətli məhsul insanların qida mədəniyyətində əvəzsiz yer tutur.