14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması işi aparılır. Bu zaman müasir coğrafi informasiya sistemləri və informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Belə işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Mülkiyyət növündən və kateqoriyasından asılı olmayaraq bütün torpaqların uçotu aparılır. Sistemdə torpaqların dəqiq sərhədləri, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər məlumatlar əksini tapır.
Sistem müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır. Torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradır. Həmçinin bununla daşınmaz əmlakın vahid kadastrı, mülkiyyət hüquqlarının qeydiyyatı və torpaq bazarı daha sistemli qaydada təşkil edilir. Bununla mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesi daha da sadələşir. Eyni zamanda, sistem torpaq ehtiyatlarının idarə edilməsində dövlət mexanizminin təkmilləşdirilməsi üçün, dövlət nəzarətinin daha effektiv həyata keçirilməsi baxımından lazım olan bütün məlumatları özündə ehtiva edir.
Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması zamanı sahəvi geodeziya işləri yerinə yetirilir. Ərazilərin məkan şəraitləri tədqiq olunur, inzibati ərazi dairələrinin sərhədləri xəritələşdirilir. Eyni zamanda vaxtilə torpaq islahatı işləri yekunlaşmamış ərazilərdə torpaq islahatları işi başa çatdırılır. Belə ki, kadastr uçotunun nəticələrinə istinad edilməklə, Xaçmaz, Siyəzən, İmişli, Beyləqan, Zaqataladan olan 4000-ə yaxın payçı ilə bağlı uzun illərdən bəri mövcud olan torpaq məsələləri öz müsbət həllini tapmışdır. Bundan başqa yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi məqsədilə də layihə həlləri hazırlanır.
Qeyd edilməlidir ki, 2017-ci ildə 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşıb. Bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması nəticəsində bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq. Qeyd edilməlidir ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmoc” ASC-in kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması çərçivəsində çöl torpaq və geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi, torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, 850 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 770 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.
Torpaq uçotu işləri aparılan 32 bölgədə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilib, torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin tanıdılması işləri icra olunub.