Vergilər Nazirliyi bank hesabındakı vəsaiti nağdlaşdıran zaman tutulan 1%-lik verginin ləğvi ilə bağlı çağırışlara və təkliflərə cavab verib.
FED.az xəbər verir ki, nazirliyin bu barədəki mövqeyini Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov açıqlayıb.
- Sahibkarların banklardan müəyyən olunmuş limitdən artıq nağd pul vəsaitlərinin çıxarılmasına görə 1 faiz dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin ləğvi barədə təkliflərini necə dəyərləndirərdiniz?
- Vergi Məcəlləsində (VM) qeyd olunan müddəalara əsasən, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru VM-in 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar. Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir. Fikrimcə, bu, bütün tərəflər üçün ən məqbul mexanizmdir. Bu sahədə bir əsas məqama da diqqət yetirmək lazımdır ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ən çox vergilərin yığılmasına deyil, ölkədə daimi hərəkətdə olan pul vəsaitlərinin uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı artırmağa və zaman keçdikcə nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsinə, bununla da ölkədə bank sisteminin inkişafına səbəb olacaqdır. Vergi orqanları tərəfindən həyata keçirilmiş inzibati tədbirlər nəticəsində 571 ödəyici tərəfindən 117,3 milyon manat vəsait banka bərpa edilmiş, 467 vergi ödəyicisinə 17,9 milyon manat vergi hesablanmış, 795 vergi ödəyicisi barədə isə tədbirlər davam etdirilir.
1%-lik verginin ləğvi təklifinə - VERGİDƏN AÇIQLAMA
13:33
8 Noy 2017