Xəbər verildiyi kimi, Azərbaycanda dövlət-investor münasibətləri ilə bağlı maraqlı yenilik gözlənilir.
Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq - YENİ QANUN
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur. Əsas dəyişiklik - dövlətin investordan indiyədək yatırılan investisiyanı geri almasına aiddir. Yeniliyə görə, investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsası olacaq. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Yəni dövlət hesab etsə ki, hər hansı investisiya dövlətin və xalqın milli maraqlarına zərər vurur, o zaman bu investisiyanı kompensasiya ödəməklə geri alacaq.
Bəs dövlətinin və xalqının mənafelərinə zərər vuran, milli maraqlara zidd olan hallar deyəndə nə başa düşülür? İnvestisiyanın alınması necə həyata keçirilir?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, milli maraqların qorunması – milli və iqtisadi təhlükəsizliklə bağlı məsələlərdir. Belə qərarlar da (yəni investisiyanın alınması) yalnız milli maraqlara təhdid olduğu halda həyata keçiriləcək.
Deputatın sölərinə görə, «İnvestisiya fəaliyyəti haqqında» qanuna ediləcək dəyişikliklər investorların mülkiyyət hüququnu pozmur:
«Çünki investorların mülkiyyət hüququ qanunvericiliklə tənzimlənmir. Söhbət sadəcə milli maraqlara zidd və strateji sahələrdə olan investisiyalarla bağlı qərarın qəbul edilməsindən gedir. Eyni zamanda mülkiyyət hüququ ona görə pozulmur ki, problem olarsa və dövlət həmin investisiyanı geri alarsa, həmin investisiyalara bazar qiymətinə uyğun kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Yəni bu zaman artıq kompensasiya mexanizmi tətbiq olunacaq və kompensasiyanın hesablanmasında da bazar qiyməti nəzərə alınacaq. Konkret mövcud real qiymətə uyğun olara kompensasiyanın həyata keçirilməsi reallaşacaq».
«Belə qanunlar Avropa və ABŞ-da da var»
Vüqar Bayramov bildirir ki, «İnvestisiya fəaliyyəti haqqında» ediləcək dəyişikliklərdən dünya praktikasında geniş şəkildə istifadə edilir:
«Ümumiyyətlə, milli maraqlara zidd olan investisiyaların araşdırılması dünya praktikasında var. Bu gün Avropa İttifaqının 22 ölkəsində birbaşa xarici investisiyaların yoxlanması ilə bağlı xüsusi ofis fəaliyyət göstərir. Həmin ölkıələrdə bununla bağlı qanunlar qəbul edilir. Yəni belə praktika Avropa İttifaqında, da tətbiq olunur. Eyni zamanda ABŞ-ın bəzi ştatlarında da oxşar praktikadan istifadə olunur. O baxımdan təklif edilən layihə beynəlxalq hüquq praktikasına uyğundur və beynəlxalq hüquq praktikası nəzərə alınmaqla hazırlanıb. Söhbət dövlətin milli maraqlarından və mənafeindən gedir».
Millət vəkili bildirir ki, oxşar qanunlar digər postsovet respublikalarında da tətbiq edilir:
«Qazaxıstan daxil olmaqla bir sıra postsovet ölkələrində artıq oxşar qanunvericilik aktları qəbul olunub. Bu, heç də həmin ölkələrdə investisiyaların cəlb edilməsində hər hansı bir çətinlik yaratmayıb. Çünki söhbət strateji və yalnız milli maraqlara zidd oludğu halda bu addımların atılmasından gedir».
«Dövlətin və xalqının mənafeyinə zərər vuran hallar dəqiq və şəffaf göstərilməlidir»
Qanuna dəyişikliklərlə bağlı FED.az-a açıqlama verən biznes prosesləri üzrə ixtisaslaşmış vəkil Hüseyn İsmayılov bildirib ki, dəyişiklikdə istifadə edilən «Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və milli maraqlara zidd olan müstəsna hallar» anlayışları kifayət qədər ümumi ifadə olunub:
«Hüquqi baxımdan bu kateqoriyaya, ilk növbədə, milli təhlükəsizlik və iqtisadi təhlükəsizliklə bağlı risklər aid edilə bilər. Məsələn, strateji əhəmiyyətə malik sahələrdə – enerji, nəqliyyat, rabitə, müdafiə sənayesi, kritik infrastruktur və ya həssas texnologiyalar üzrə investisiyalar dövlətin nəzarət mexanizmləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Əgər belə investisiyalar ölkənin suverenliyinə, iqtisadi sabitliyinə və ya təhlükəsizlik maraqlarına real və əsaslandırılmış risk yaradırsa, dövlətin müdaxilə mexanizmi nəzərdə tutula bilər. Lakin burada əsas məsələ həmin anlayışların tətbiq meyarlarının qanunvericilikdə və ya normativ aktlarda konkret və şəffaf şəkildə müəyyən edilməsidir. Hüquqi müəyyənlik və proqnozlaşdırılabilirlik investisiya mühitinin əsas prinsiplərindəndir».
Vəkilin sözlərinə görə, investisiyalarla münasibətlərdə dlövlətin milli maraqlarının qorunması üzrə oxşar mexanizmlər bir çox inkişaf etmiş ölkələrdə mövcuddur: “ABŞ-da xarici investisiyalar milli təhlükəsizlik baxımından xüsusi komitə tərəfindən qiymətləndirilir və risk aşkar edildikdə əməliyyatın bloklanması və ya ləğvi mümkündür. Avropa İttifaqı ölkələrində də strateji sahələr üzrə xarici investisiyalara dövlət nəzarəti mexanizmləri tətbiq olunur».
H.İsmayılov bildirir ki, son illər qlobal səviyyədə geosiyasi risklərin artması fonunda dövlətlər strateji aktivlər və kritik infrastruktur üzərində nəzarəti gücləndirməyə başlayıblar. Bu baxımdan Azərbaycan qanunvericiliyində belə bir mexanizmin nəzərdə tutulması beynəlxalq tendensiyadan kənar deyil. Əsas fərq tətbiq mexanizminin konkretliyi və şəffaflığı ilə müəyyən olunur:
«Təklif olunan dəyişiklik dövlətin iqtisadi təhlükəsizlik alətlərini genişləndirir və strateji əhəmiyyətə malik investisiyalar üzərində əlavə hüquqi nəzarət mexanizmi yaradır. Qanun layihəsində kompensasiya prinsipinin saxlanılması müsbət məqamdır və bu, investisiya hüququnun fundamental prinsiplərinə uyğundur».
Eyni zamanda, strateji əhəmiyyət və milli maraq anlayışlarının konkret meyarlarla dəqiqləşdirilməsi vacibdir. İnvestisiya mühitində sabitlik və proqnozlaşdırılabilirlik əsas rol oynayır. Əgər tətbiq mexanizmi açıq, obyektiv və məhkəmə nəzarətinə açıq şəkildə qurularsa, bu dəyişiklik investisiya mühitinə müsbət təsir göstərə bilər. Əks halda isə hüquqi qeyri-müəyyənlik investorların risk qiymətləndirməsini çətinləşdirəcək”, deyə o, əlavə edib.













