Azərbaycanda avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması yalnız vahid fəaliyyət planı əsasında həyata keçiriləcək.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Nazirlər Kabinet 2020-2023-cü illərdə avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulmasının yalnız vahid fəaliyyət planı əsasında həyata keçirilməsini təmin etməlidir. Bununla əlaqədar Nazirlər Kabinetinə 2019-2020-ci illərdə avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı əlaqələndirmənin təşkili məqsədilə müvafiq təşkilatlar tərəfindən beşillik fəaliyyət planlarının hazırlanması və yol hərəkətinin təhlükəsizliyi sahəsində vahid nəzarətedici quruma təqdim edilməsi, təqdim edilən iş planları əsasında avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulmasına dair vahid fəaliyyət planının hazırlanması və təsdiq edilməsi tapşırılıb. Bu sahədə digər icraçı qurumlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İstehsalat Birliyi müəyyən edilib. Nazirlər Kabineti 2019-2020-ci illrdə bu qurumlarla birlikdə həm də Avtomobil yollarının, habelə avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mühəndiskommunikasiya təminatı sistemlərinin layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə qaydalarının təkmilləşdirilməsi, bu əlaqələndirmənin operativ qaydada həyata keçirilməsi üçün "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə” vahid elektron portalının yaradılmasını təmin etməlidir.
Paralel olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni” QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Hava Yolları” QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2019-2022-ci illərdə Azərbaycan Respublikasında avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımaların təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarının nəqliyyat növləri (avtomobil, dəmir yolu, hava və su nəqliyyatı) arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planı, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyasını hazırlamalıdır.
Qeyd edək ki, ötən dövr ərzində eyni yolun öncə asfaltlanması, daha sonra kommunikasiya xətlərinin çəkilməsi üçün yolda qazıntı işlərinin aparılması, təkrar yenə yolun asfaltlanması, beləliklə də dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi cəmiyyətdə ciddi narazılıqlara yol açırdı.
Yol tikintisində hərc-mərcliyə son qoyulur - Yalnız bir halda icazə veriləcək
10:17
28 Dek 2018