“Meliorasiya və Su Təsərrüfatı” ASC, Türkiyənin “SurYapı AZ” MMC və “SurYapı Endüstri Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb.
Dövlət qurumu Zabuxçay su anbarı üçün 128 milyon manat xərcləyir - TENDER NƏTİCƏSİ
FED.az ASC-yə istinadən xəbər verir ki, su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək.
“Meliorasiya və Su Təsərrüfatı”nın sədri Zaur Mikayılov imzalanma mərasimində Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük təkan verəcəyini bildirib.
“SurYapı AZ” MMC-nin direktoru Cem Hakan Elmas da Vətən müharibəsində qazanılan Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb və bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin onda yüksək təəssürat doğurduğunu deyib. O, Yengicə su anbarının tikintisinin uğurla həyata keçiriləcəyinə və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Yengicə su anbarının tikintisi Azərbaycan Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əlavə 2-də nəzərdə tutulub.
Yengicə su anbarının tikinti işləri ilə bağlı “Dövlət satınalmaları haqqında" Qanununa uyğun olaraq tender keçirilib və tenderin nəticəsi olaraq qalib şirkət “SurYapı AZ” MMC və “SurYapı Endüstri Sanayi ve Ticarət Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə müəssisəsi müəyyən olunub.
Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3 388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6 612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.