Yaşayış binalarında yerləşdirilməsi qadağan edilən ictimai təyinatlı obyektlər müəyyənləşib.
Eləcə də bax: Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa etmək - QADAĞAN OLUNUB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, insanlara zərərli təsir göstərən aşağıdakı obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir:
- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
- ixtisaslaşmış balıq mağazaları;
- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;
- tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);
- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;
- camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);
- ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;
- ictimai tualetlər;
- dini ayinləri keçirən müəssisələr;
- binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;
- istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);
- baytarlıq klinikaları və kabinetləri;
- təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.
Yaşayış binalarında yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin yerləşdirilməsi qadağan edilib
Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normalarına görə, ”Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin) yerləşdirilməsinə yol veriləcək.
Normalara əsasən, o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol veriləcək.
Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.
Yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.
Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.
Qeyd edilib ki, dövlət sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırıldığı təqdirdə, yaşayış binalarında yerləşdirilən ambulator-poliklinik tibb müəssisələrində, üfüqi və şaquli istiqamətdə qonşu sahələr yaşayış təyinatı olmadığı halda şua diaqnostikası kabinetlərinin təşkilinə yol verilir.