Sosial mənzillərin inşa edildiyi Yasamal yaşayış kompleksi bir qədər də genişləndiriləcək və buradakı sosial mənzillərin sayı artırılacaq. FED.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, hazırda Bakıda iki yerdə sosial mənzillər tikilir. Yasamalda 1843, Hövsanda isə 3002 sosial mənzil tikiləcək. Yasamal Yaşayış Kompleksində işlər 2019-cu ildə, Hövsanda isə 2020-ci ildə başa çatacaq.
Eləcə də bax: Sosial evlərin satışı başlandı - ELAN, QİYMƏTLƏR
Samir Nuriyev bildirib ki, Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, buradakı kompleksin genişləndirilməsi və mənzillərin sayının artırılması qərara alınıb: «Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır».
Eləcə də bax: "Bircə pozuntu – evdən çıxmalısan!" – SOSİAL EVLƏR NECƏ VERİLİR?
Xatırladaq ki, Yasamal və Hövsan yaşayış komplekslərində ümumilikdə 4845 sosial mənzil tikiləcək, amma belə mənzillərin alınması üçün 8200-dən artıq şəxs qeydiyyatdan keçib. Yasamaldakı kompleksin genişləndirilməsi də mənzillərə tələbatın belə yüksək olması ilə bağlıdır.
Agentlik rəhbəri bildirib ki, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyən edilib və yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir.
Yasamalda sosial evlərin sayı artırılacaq – YENİ QƏRAR
00:08
10 Aprel 2018