"Rusiyanın Ukraynaya hücumu, başlayan müharibə və nəticədə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanın, o cümlədən Bakının da mənzil bazarına təsir edəcək, satışları azaldacaq».
Eləcə də bax: Ekspert: Ukraynadakı vəziyyət tikinti materiallarının bahalaşmasına - Səbəb Ola Bilər
Bu barədə FED.az-a «Vecon Consultinq» şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı üzrə ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında sıx iqtisadi əlaqələr var: «Rusiya Azərbaycan üçün əsas iqtisadi partnyorlardan biridir. Təbii ki, Rusiya bazarındakı hər hansı dəyişiklik birbaşa Azərbaycana təsirsiz ötüşmür. Bu günə qədər belə olub. İndiyə kimi daşınmaz əmlak bazarında da bu təsiri görmüşük».
Bu münasibətlər özünü əmlak bazarında, o cümlədən Rusiyada yaşayan azərbaycanlıların Bakıda əmlak alışında da göstərir. Onun sözlərinə görə, Rusiyada on minlərlə soydaşımız bineslə məşğul olduğu üçün Azərbaycana kənardan gələn maliyyə vəsaitlərinin böyük hissəsi Rusiyaya aiddir:
«Həmin insanlar böyük kapitalla öz ölkəsinə - Azərbaycana yatırım etmək üçün Rusiyadadırlar. Azərbaycan və Bakı şəhərində əmlak satışının təqribən 20-25 faizi məhz xaricdən gələn kapital hesabına həyata keçirilir.
Bunun isə təqribən yarısı Rusiyanın payına düşür: «Bu baxımdan Rusiyada müharibəyə görə Rusiya milli valyutasının dəyərdən düşməsi Azərbaycana da təsirsiz olmayacaq. Bu, Rusiyada yaşayan həmvətənlərimizin qazancını azaldacaq. Nəticədə də dolayısı yolla da olsa daşınmaz əmlak bazarında məhz həmin seqmentin - Rusiyada yaşayan soydaşlarımızın payı olan zəifləməsinə səbəb olacaq. Bu da ciddi təsir olmasa belə, daşınmaz əmlak bazarında problemlərin yaranmasına yol aça bilər».
Ekspertin fikrincə, Rusiyada baş verən hadisələr təkcə Azərbaycan vətəndaşlarına yox, eyni zamanda ölkə iqtisdiyyatına da təsirini göstərəcək və bu təsir təkcə mənfi olmayacaq.
«Rusiya hazırda bütün sahələrdə təcridlə üzləşir. Belə davam edərsə, Rusiyanın birbaşa Qərb bazarına çıxışı məhdudlaşdırılacaq və bu baxımdan Azərbaycan Rusiyanın yaxın partnyoru kimi münasibətləri tənzimləmək üçün bir şans əldə edəcək. Yəni ola bilsin ki, bir çox məhsullar Rusiya bazarından Avropaya birbaşa yox, Azərbaycan vasitəsilə çıxarılsın. Bu da Azərbaycana əlavə gəlirin qazanılmasına, mənfəətin gəlməsinə səbəb ola bilər».